IELTS nədir?

IELTS-in açılışı "International Language Testing System", yəni "Beynəlxalq Dil Testi Sistemi"dir.

Məlum məsələdir ki, universitetlər, şirkətlər, miqrasiya qurumları müraciətçilərin ingilis dili səviyyələrini ölçməli olurlar. Bunun üçün də əlavə işçi heyətinə, resurslara və vaxta ehtiyac yaranır. Bu baxımdan, başqa bir etibarlı qurumun namizədlərin dil biliklərini ölçməsi bu xərclərə qənaət etməyə imkan verir. Digər tərəfdən, namizədlər ayrı-ayrı universitet və şirkətlərə təkrar-təkrar imtahan verməkdənsə, bir dəfə imtahan verib əldə olunan nəticəni istifadə etməklə vaxta və enerjiyə qənaət edə bilirlər. Belə bir imtahana olan tələbi ödəyən sistemlərdən biri də 1989-cu ildə Kembric Universiteti, British Council və IDP Education Australia tərəfindən əsası qoyulan IELTS-dir.

Bu imtahan sistemi digər populyar sistemlərlə (TOEFL, Cambridge English Exams, Pearson Test of English, Duolingo və s.) yanaşı dəyişib inkişaf edərək hazırkı strukturuna gəlib çatıb.

Hazırda IELTS-in iki əsas tipi var: Academic və General Training.

Academic IELTS daha geniş yayılıb, təhsil və iş imkanları üçün tələb olunur. General Training isə əsasən Kanada və Avstraliya kimi ingilisdilli ölkələrə miqrasiya zamanı lazım olur.

Bu iki tipi müqayisə etsək, Listening və Speaking bölmələri tamamilə eynidir. Reading akademik versiyada elmi məqalə üslubunda olmaqla daha çətindir, digər versiyada isə elan kimi, qəzet məlumatları kimi daha həyatın içindən mətnlər əhatə olunur. Yazı bölməsində isə iki tapşırıq var: Task 1 və Task 2. Task 1 akademik versiyada qrafiklər üçün hesabat yazmağı, ümumi versiyada isə məktub yazmağı tələb edir. Task 2 eynidir.

IELTS imtahanı dörd bölmədən ibarətdir: Listening, Reading, Speaking və Writing.

Listening: Bu bölmədə təxminən yarım saat ərzində müxtəlif ətinlikli 40 sualla dinləmə bacarıqları qiymətləndirilir. Bəzi suallarda müəyyən açar sözləri eşitmək kifayət etsə də, eşidilən informasiyanı sürətli şəkildə emal edib doğru nəticə çıxarmağı tələb edən çətin suallar da var.

Reading: Bu bölmədə bir saat ərzində yenə müxtəlif çətinlikli 40 sualla oxu bacarıqları ölçülür. Burada yazılanları anlamaqdan əlavə, məntiqi mühakimə yürütmək, analitik yanaşmaq, müqayisə aparıb nəticə çıxarmaq kimi bacarıqlar dəyərləndirilir.

Speaking: 15 dəqiqəlik müsahibə şəklində keçən danışıq imtahanı 3 hissədən ibarət olur. Namizədin bacarıqları axıcılıq, söz bazası, qrammatika və tələffüz üzərindən qiymətləndirilir. Danışıq imtahanı digər üç bölmədən ayrı keçirilir, bunun üçün fərqli bir vaxt təyin edilir.

Writing: Yazı bacarıqları bir saat üçün verilən iki tapşırıq əsasında qiymətləndirilir. Qiymətləndirmə kriteriyaları tapşırıqları düzgün yerinə yetirmək, axıcılıq-ardıcıllıq, söz bazası və qrammatikadır.

Tələblər

Bu imtahanı vermək üçün tələb olunan bir səviyyə yoxdur. Elementary səviyyədə olan bir namizəd də imtahan verib bu səviyyədə olduğunu təsdiq edən sertifikat ala bilər. Ancaq əksən universitet və şirkətlər 6-6.5 kimi bir nəticə tələb edirlər ki, bu da upper-intermediate səviyyəsinə uyğun gəlir. Bu baxımdan, IELTS kurslarına intermediate səviyyəsinə çatdıqdan sonra başlamaq tövsiyə olunur.

Bəzi prestijli universitetlər 7+ nəticə tələb edə bilərlər. Bundan əlavə, seçilən ixtisas dilə tələbkardırsa, (filologiya, jurnalistika və s.) nadir hallarda 8.0 və daha yuxarı nəticə tələb oluna bilər. Tələblərdə bəzən bölmələrin hər birinin müəyyən baldan yuxarı olması tələbi də olur. Məsələn, bölmələr 6-dan aşağı olmamaq şərtilə ümumi 6.5 bal tələb oluna bilər.

Hazırlaşmazdan öncə müraciət edəcəyiniz universitetin, proqramın rəsmi saytından tələb olunan göstəricilərə baxmaqda fayda var.

IELTS hazırlıq kursları adətən 2-3 ay davam edir. Tövsiyə olunan son 3-4 aya qədər

General English dərsləri ilə səviyyəni maksimuma çatdırıb IELTS dərslərinə başlamaqdır.

Hazırda imtahanı iki versiyada vermək mümkündür: paper-based (PB) və computer-delivered (CD).

Son illərdə IELTS imtahanın kompüter variantını da təklif edir. PB və CD imtahanlarının fərqləri barədə bu bloqda ətraflı yazmışam.

İmtahan mərkəzləri

Azərbaycanda IELTS imtahanını keçirən əsas iki mərkəz var: British Council və Barattson. Yayılmış mifləri nəzərə alaraq bildirim ki, hər iki mərkəzin sertifikatı eynihüquqludur. IELTS ətrafında yayılmış başqa doğru bilinən yanlışlar barədə bu bloqda oxuya bilərsiniz.

PB imtahanları demək olar ki, hər həftə, CD imtahanları isə hər gün olur. Nəticələr PB üçün 13 günə, CD üçün isə 2-7 günə çıxır.

Sertifikat

Sertifikatın etibarlılıq müddəti iki ildir. Sertifikatın sağ aşağı küncündəki TRF number vasitəsilə müraciət etdiyiniz qurumlar nəticələri sistemdə görə bilirlər. Sosial mediada bu nömrəni gizlədərək paylaşılan sertifikatların saxta olma ehtimalı yüksəkdir.

2023-03-11

Bloqu paylaşın:

author photo
MüəllifMəhəmməd Emin

IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon