Grammar Azi ilə müsahibə

Məşhur Grammar Azi səhifəsinin admini, Murad Hüseynovla müsahibəmi təqdim edirəm.

Nigar Yəhyazadə: Necə oldu ki, belə səhifə açmaq qərarına gəldiniz?

Murad Hüseynov: Məni belə bir addım atmağa cəmiyyətimizdə Azərbaycan dilinin yazı qaydalarına qarşı biganə münasibət sövq etdi. Burada söhbət təkcə sosial şəbəkələrdən deyil, Azərbaycan dilində yazı yazan bir çox yerli və xarici qurumların dilimizin yazı qaydalarına riayət etməməsindən gedir. Əlbəttə, bu məsələyə fikir verən təkcə mən deyildim, yəni bu problemə aid internetdə məqalələr, sosial şəbəkələrdə yazılar görmüşdüm. Amma bu statusların, məqalələrin davamı olmurdu, onlar yazı olaraq qalırdı. 2016-cı ildə feysbukdakı dostlarımdan biri müxtəlif sözlərin düzgün yazılışı haqqında yazı paylaşmışdı, rəy bölməsində istifadəçilər ən çox yayılmış səhvlər haqqında müzakirə aparırdılar. Mən isə rəyimdə ona yazmışdım ki, nə vaxtsa “grammar nazi” mövzulu səhifə açsa, admin heyətinə məni də dəvət etsin. Digər bir istifadəçi rəy yazmışdı ki, yazıda səhv buraxan səhifənin mesaj bölməsinə səhvlər haqqında yazdıqda onun müraciətinə məhəl qoymurlar. Uzun sözün qısası, bütün bu məqamları nəzərə alaraq belə bir səhifə açmaq qərarına gəldim və həmin müzakirədə aldığım məlumat mənə səhifənin iş prinsipini hazırlamağa kömək etdi.

NY: Xarici səhifələrdən fərqinizi görürsünüzmü?

MH: Unutmayaq ki, “grammar nazi” internet folkloruna aid bir anlayışdır. Ona görə də bu cür adlanan digər səhifələr ən çox həmin mövzuya əsaslanan yumora yer ayırırlar. Bu mövzuda digər qrup səhifələr isə yalnız müxtəlif yazı qaydalarına aid postlar paylaşır. “Grammar Azi” səhifəsinin digər səhifələrdən fərqi ondadır ki, burada hər şey onlara nisbətən daha ciddidir. “Grammar Azi”də başqa bir səhifənin buraxdığı yazı səhvi bu səhifənin izləyiciləri üçün məlumat mənbəyi rolunu oynayır. Yəni xətalı yazı “Grammar Azi” səhifəsində paylaşılır ki, digər izləyicilər həmin səhvi görsün, öyrənsin və öz yazılarında eyni xətaya yol verməsinlər. Nəticədə istifadəçilər bir postda yazının müxtəlif qaydaları haqqında məlumatlanmış olurlar. Doğrusu, mən bu üsulu digər “grammar nazi” mövzulu səhifələrdə görməmişəm və düşünürəm ki, əsas fərq bundan ibarətdir. Əlbəttə, səhifədə yumoristik və yalnız yazı qaydalarına aid xüsusi postlar da olur.

NY: Sosial media istifadəçilərindən necə münasibət görürsünüz?

MH: Müxtəlif qrup istifadəçilər səhifəyə müxtəlif cür yanaşır. Bəzi istifadəçilər elə zənn edir ki, bu səhifə digər səhifələri qıcıqlandırmaq məqsədi daşıyır, amma bildirməliyəm ki, “Grammar Azi” səhifəsində heç bir səhifəyə qarşı mənfi münasibət göstərilməyib və göstərilməyəcək. Çünki hər kəs yazıda səhv buraxa bilər. Buna görə də səhifənin örtük şəklində ata Senekanın aforizmindən bir hissə yazılıb: “Səhv etmək insana xasdır”. Sadəcə olaraq, səhvi düzəltmək lazımdır. Əslində, səhifəyə qarşı rəğbət göstərən istifadəçilərin sayı mənim səhifəni yaradarkən gözlədiyimdən qat-qat çoxdur.

2021-04-24

Bloqu paylaşın:

author photo
MüəllifNigar Yəhyazadə

TIME ACADEMY dil mərkəzində aparıcı ingilis dili müəllimi, tərcüməçi, sosiolinqvist

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon