İngilis dilində tələffüz (6 səs)

Bu tələffüz çox qəliz məsələdir, həm də vacib.

Diqqət etmisinizsə, yetkin bir insan başqa dili öyrənərkən çox çalışmaqla söz bazasını bir dil daşıyıcısı qədər genişləndirə bilir, qrammatikanı hətta "native speaker"dən belə daha dərindən öyrənə bilir. Ancaq tələffüzə gəldikdə bu çox çətin, əksər hallarda mümkünsüz olur.

Bəs bunun səbəbi nədir?

Səbəb odur ki, yetkin biri səsləri öyrənəndə qulağına güvənir, eşidib təkrarlamağa çalışır. Belə olanda yüz faiz nəticə alınmır. Çünki, tələffüz fiziki hadisədir. Təkcə dinləməklə səsləri eynilə tələffüz etmək olmaz. Dil daşıyıcı isə səsləri uşaq ikən öyrənib və özü də bilmədən dinləməkdən başqa, səsi çıxaranın ağzına, dodaqlarının aldığı formaya, dilinin, çənəsinin hərəkətinə də diqqət edib. Bu çox vacibdir.

Biz mütləq bilməliyik ki, hansı səsi çıxaranda dil harada olmalıdır, dodaq hansı formanı almalıdır. Xüsusən də, öz dilimizdə olmayan səsləri. Bu baxımdan biz çox şanslıyıq. Çünki, ingilis dilində olan və bizdə olmayan cəmi 6 səs var. Sırf bu səslərə fokuslansaq, ciddi bir inkişafa nail olarıq.

Bu 6 səs hansıdır?

  • "Doctor" sözündəki ikinci sait, hansı ki, bizim /ə/ səsi ilə səhv salırıq;
  • "Bird" sözündəki /ö/ ilə qarışdırılan sait;
  • Think" sözünün birinci səsi, hansı ki /s/ kimi tələffüz edirik adətən;
  • /They/ sözünün ilk səsi, hansı ki, dilimizdəki /z/ səsindən fərqlənir;
  • /Speaking/ sözündəki /ŋ/ səsi. Bu səs bildiyimiz /n/ səsindən fərqlidir;
  • Və /water/ sözündəki /v/ ilə qarışdırılan /w/ səsi.

Misal çəkdiyim sözləri lüğətdə yazaraq səslərə qulaq asa və simvollarına baxa bilərsiniz.

Bütün bu səhvlərin səbəbi odur ki, (yalnız) qulaqla öyrənəndə səsi eşidib öz dilimizdəki ən yaxın səs kimi eşitmişik; tələffüzün fiziki tərəfini nəzərdən qaçırmışıq. Bu şəkildə həmin səsləri yanlış formada tələffüz etməyə vərdiş formalaşdırıb uzun müddət ərzində dərinləşdirmişik. Məktəb və universitetlərdə, həmçinin ingilis dili kurslarında bu məsələyə lazımi diqqət ayrılmadığı üçün bu, problem olaraq qalıb.

Bəs indi problemi necə həll edək?

Bu səslərin necə tələffüz edilməli olduğu barədə yutubda xəzinə dəyərində bir "playlist" var. Bu videolarda ingilis dilindəki bütün səslərin necə tələffüz edildiyi çox maraqlı metodlarla göstərilir. Bu videoları başdan sona çox diqqətlə dinləmək, deyilən hərəkətləri etmək lazımdır.

Onu da xatırladım ki, bu səslər bir gecədə düzəlməyəcək. Öyrəndikdən sonramütləq davamlı şəkildə praktika etmək lazımdır.

Daha yaxşı ingiliscə üçün digər bloqlarımıza da nəzər salmağınız faydalı olar.

2022-08-07

Bloqu paylaşın:

author photo
MüəllifMəhəmməd Emin

IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon