Filmlərdə süd

Həmişə kinematoqrafiyanı incəsənətin ən güclü sahəsi hesab etmişəm. Nəzərə alsaq ki, sözügedən sahə rejissora ideyanı çatdırmaq üçün vizual, bədii, emosional zəmin yaradır, filmlərin daha böyük kütləyə xitab etməsi təbii haldır. O cümlədən istifadə edilən kostyumlar, qrim texnikaları, ana rənglər, aktyorluq işləri, seçilən musiqilər ssenarinin ekranda ən yaxşı şəkildə öz əksini tapmasına xidmət edən mühüm faktorlardır. Əksər hallarda bu detallar rejissora öz dəsti-xəttini yaratmaqda da böyük kömək olur. Məsələn, Qaspar Noe filmlərində xaos və canlı rənglərin hakim olduğu səhnələr, Kventin Tarantinonun yaradıcılığında qan və şiddət, Əsgər Fərhadinin filmoqrafiyasında sadə, realist süjet görməyə alışmışıq. Eyni zamanda filmlərdə gördüyümüz heç bir ünsür əbəs yerə istifadə edilmir. Bəzilərinin artıq dünya kinematoqrafiyasında qəlibləşmiş mənaları var, bəzilərindən isə gözlənilən hadisələr haqqında izləyiciyə gizli mesaj ötürmək və müvafiq ab-hava yaratmaq üçün istifadə edilir. Əksər hallarda isə simvolizm izləyicinin obrazların xarakterləri haqqında daha aydın fikir sahibi ola bilməsi üçün effektiv vasitələrdəndir.

Kino sahəsində xüsusi məna kəsb edən bir sıra ünsürlər mövcuddur ki, onlardan biri də süddür. Universal yanaşsaq, süd insanın şüuraltında birbaşa uşaqlıq dövrü ilə əlaqələndirildiyi üçün məsumluğun və saflığın rəmzi hesab edilir. Südün filmlərdə ifadə etdiyi müxtəlif mənalara dünya kinematoqrafiyasından bir sıra nümunələrlə nəzər sala bilərik.

Leon (1994)

Luk Besson yaradıcılığının diqqətəlayiq nümunələrindən biri olan “Leon”da yetkin, zəhmli bir suiqəsdçinin süd içdiyi səhnə ilə qarşılaşmaq izləyicidə bir qədər təəccüb doğursa da, əsas məqsəd Leonun Matildaya qarşı sevgisini, qayğısını tərənnüm etdirməkdir. Əslinə qalsa, bu səhnənin izləyicidə Leon obrazına qarşı simpatiya yaratmaq, onu duymağa kömək etmək üçün kifayət qədər uğurlu alındığını rahatlıqla deyə bilərik. Həmçinin bu vasitə ilə rejissor Leonun yaşaya bilmədiyi uşaqlığını Matilda ilə birlikdə kəşf etməsini də vurğulayır.

No Country for Old Men (2007)

Xavier Bardemin əfsanəvi performansı ilə tarixə adını yazdıran, Koen qardaşların ən uğurlu filmlərindən biri “No Country for Old Men” filminin süjetində də süd xüsusi məna çaları yaradır. Ümumiyyətlə mənfi xarakterlərin süd içməsi adətən onların qüdrətini təsvir etmək üçün istifadə edilən metod kimi qəbul edilir. Burada da qəddar Antonun soyuqqanlı şəkildə süd qurtumlaması ilə rejissorlar bir növ şərin xeyir üzərində qələbəsini, məsumluğun şeytanlığa məğlubiyyətini çatdırmaq istəyirlər.

A Clockwork Orange (1971)

“A Clockwork Orange”, sözsüz ki, kino tarixinin ən çox müzakirəyə səbəb olan işlərindəndir. Dahi rejissor Stenli Kubrikin şahəsərlərindən biri kimi qəbul edilən film spesifik atmosferi ilə seçilir. Hansı ki, bu atmosferin yaradılmasında südün böyük rolu var. Açılış səhnəsindən etibarən baş obraz Aleks və dostlarının “Korova” adlı bir barda süd içdiyini görürük. Burada süd qarşımıza məsumiyyətin rəmzi kimi yox, içinə narkotik maddələr qarışdırılaraq servis edilən, insanları şiddətə təşviq edən bir vasitə kimi çıxır. Gələcəkdəki distopik bir cəmiyyətdə cərəyan edən hadisələr zamanı saflığı təmsil edən süd, şiddət və qanunsuzluq anlayışları ilə qarşı-qarşı qoyulur və izləyicini müəyyən ziddiyyətli məqamlarla bağlı düşünməyə vadar edir.

Nəticə etibarı ilə, necə ki, həyatda, eləcə də filmlərdə bütün obyektlər, hadisələr, xarakterlər bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Hər ikisində gördüyümüz detallarda məna tapmaq ümidi ilə. Həmişə izləyək, öyrənək, zövq alaq!

08 June 2022

Bloqu paylaşın:

MüəllifFatimə İsmayılzadə

TIME ACADEMY mərkəzində menecer

Bizi sosial şəbəkələrdə izləyin:

Kino

whatsappIcon