Mənim IELTS yolum

Xidmət göstərəndən asılı olan faktorlar:

Artıq 5 ildən çoxdur ki, IELTS öyrədirəm. Hamının tanıdığı TIME ACADEMY dil mərkəzinin qurucu direktoruyam. Bu yazıda özümün IELTS təcrübəmdən danışacağam.

Bu, əsla bir uğur hekayəsi deyil. Məqsədim öz təcrübəmi paylaşmaqla namizədlərə onları nəyin gözlədiyini, nəyin mümkün, nəyin mümkün olmadığını göstərmək, həm də bir növ motivasiya verməkdir.

1-ci cəhd

Bu imtahanla ilk sınağım 2011-ci ilə təsadüf edir. Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsi idim. Bizim universitetin Avstriyanın Krems Universiteti ilə ortaq proqramı vardı və bu proqrama qəbul olmaq üçün IELTS 6.0 nəticəsi tələb olunurdu. Biz də iki qrup yoldaşımla birlikdə bu yola baş qoyduq, başladıq hazırlaşmağa. Hazırlıq müddətində müəllim məndən razı deyildi, danışığımı və yazılarımı bəyənmirdi, dinləmə və oxu nəticələri də göz qabağında idi: 17-19, yəni 5.0-5.5. İlk imtahandan 6.0 aldım (L 5.5, R 6.0, W 5.5, S 6.0). Bundan əvvəl müəllim qrup yoldaşlaşlarıma deyibmiş ki: “O, 5.0 alsa, böyük şeydir”.

2-ci cəhd

Yeni proqramda dərslər artıq ingiliscə idi. Üstəgəl, imkan düşdükcə ingilisdilli könüllülük proqramlarında iştirak edirdim. 3-cü kursda İsraildə hotellər şəbəkəsinin birində təcrübə keçdim (6 ay). Orada da əsas ünsiyyət dili ingilis dili idi. Qayıtdıqdan sonra turizm agentliyində də özümü yoxladım və bu sahənin mənlik olmadığını yəqin etdim. 4-cü kursun sonlarına doğru xaricdə master xəyalları ilə yenidən hazırlaşmağa başladıq. Dörd dost tələbə evində yığışıb praktika edirdik. Təsəvvür edə biləcəyiniz kimi, zamanın böyük hissəsini “IELTS”dən başqa hər şeyə sərf edirdik. 2014-cü ilin aprel ayında etdiyim 2-ci cəhddə 6.5 topladım (L 6.5, R 7.0, W 6.0, S 6.0).

3-cü cəhd

Xaricə gedəsi olmadıq. Hərə bir yola ayrıldı. Mən məzun olduqdan sonra Bakı 2015 Avropa Oyunlarında iş tapdım. Müxtəlif millətlərdən olan insanlarla işləmək, sosiallaşmaq şansım oldu. Xoşbəxtlikdən menecerlərimin ikisi də “native” idi, biri Britaniyadan, biri də Yeni Zellandiyadan. Bu ərəfədə də intensiv olmasa da, ingilis dilimi inkişaf etdirirdim. Yeni sözlər, ifadələr öyrənir, tez də tətbiq etməyə çalışırdım. Bu da dil daşıcıları tərəfindən xoş qarşılanır, mənə əlavə motivasiya olurdu. Layihənin sonlarına doğru, komanda yoldaşım mənə ingilis dili öyrətməyi tövsiyə etdi. Buna qədər bunu heç vaxt düşünməmişdim. Avropa Oyunlarından sonra düşündüm ki, növbəti layihələrə qədər özümü bu sahədə yoxlaya bilərəm. Bir kursda ümumi ingilis dili öyrətməyə başladım. Növbəti cəhdimi bu ərəfələrdə etdim (avqust, 2015). Bu dəfə də inkişafa nail olmuşdum, ümumi göstəricim 7.0 idi (L 8.5, R 6.5, W 6.0, S 6.5).

4-cü cəhd

Öyrədərkən təbii ki, öyrətdiyim mövzuları dərindən araşdırmalı olurdum. Bu da ingilis dili səviyyəmin sürətli inkişafına səbəb olurdu. Çox gözləmədim, 4 aydan sonra növbəti cəhdi etdim. Ümumi nəticəm bir bal artmışdı - 8.0 (L 9.0, R 9.0, W 6.5, S 7.0).

CELTA macərası

Bundan sonra bu sahədə möhkəmlənmək üçün daha ciddi addımlar atmalıydım. Böyük üstünlük olsa da, dil biliyi müəllimlik üçün kifayət etmirdi. Bildiyimi tələbələrə ötürməyin yollarını, nəzəriyyəsini, tətbiqini öyrənməliydim. Həm də ümumən olduğum sahədə lokal olaraq ən yaxşılardan olmaq kifayət etmir; həmişə düşünmüşəm ki insan beynəlxalq müstəvidə də arzu olunan bilik və bacarıqlara sahib olmağı məqsəd qoymalıdır. Əks halda həm fərdlər, həm də ölkə halında yerimizdə sayarıq. Əlqərəz, Cambridge universitetinin beynəlxalq müəllimlik üzrə təlim və sertifikasiya proqramı olan məşhur CELTA proqramı ilə maraqlanmağa başladım. Araşdırmalar zamanı bu proqramın çox çətin və intensiv olduğunu görürdüm. Hətta amerikalı, britaniyalı “native”lər belə qan ağlayırdılar. Çox düşündükdən sonra bu böyük riski almağa qərar verdim və 2016-cı ilin iyul ayında Tbilisiyə yollandım. Çox yaxşı, öyrədici və məhsuldar bir ay oldu. İştirakçılar arasında “native”lər, təcrübəli müəllimlər, tərcüməçilər vardı. Yeni metodlar öyrənir, konsepsiyaları mənimsəyir, Cambridge universitetinin təcrübəli ekspertləri qarşısında dərslər keçirdik. İlk günlərdə çətin görünsə də, sonda fərqlənmə (pass B) ilə proqramı tamamladım. (CELTA təcrübəm barədə ayrıca yazmağı düşünürəm).

5-ci cəhd

CELTA və sonrakı müəllimlik təcrübəm mənim dil səviyyəmdə də ciddi fərq yaratmışdı. Bu inkişafı rəqəmlərdə görmək üçün 2017-ci ilin dekabr ayında yenidən imtahan verdim. 5-ci cəhdimdə 8.5 topladım (L 9.0, R 9.0, W 8.0, S 8.5).

Bu mərhələləri addım-addım keçməyim işimdə də böyük avantajdır. Bu mənə imkan verir ki, hər səviyyədən olan tələbəni anlayım, ona nəyin lazım olduğunu müəyyənləşdirib onun olduğu psixoloji vəziyyətə uyğun ona çatdırım.

Nəticə

Nəticə olaraq demək istəyirəm ki, davamlılıq çox vacibdir. Mənim ilk müəllimimin və ya mən ingilis dilində danışanda mənə lağ edən dostlarım təsəvvür etməzdi ki, mən nə vaxtsa bu sahədə bu səviyyəyə gələ bilərəm. Ona görə də, indi başlanğıcında olduğunuz bir mövzuda gələcəkdə ekspert olacağınıza inanın. Bu şeyin istədiyiniz şey olduğunu yəqin etdikdən sonra onun üzərində uzun müddət, ən önəmlisi davamlı olaraq çalışmaqdan çəkinməyin. Davamlılıq açar faktordur.

Bu yolda digər bloqlarımızı da oxumaq çox faydalı olacaq.

2021-07-17

Bloqu paylaşın:

author photo
MüəllifMəhəmməd Emin

IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon